İnanılmaz ifa – çerri pomidorlu piroq
Soğanla sarımsağı təmizləyin, soğanı xırda doğrayın, sarımsağı əzin. Kəklikotu ilə reyhanı yuyub qurudun. Sobanı 200 dərəcə qızdırın. Soğan 2 x.q. yağda şəffaf olanadək qovurun. Sarımsağı və kəklikotunu əlavə edin. Soğan qızaranda duz-istiot vurub ocaqdan götürün.
Masanın üzərinə un səpib xəmiri yayın. Tart üçün formanı yağlayın. Xəmiri içinə yayıb üzərinə dəsmal çəkin, otaq temperaturunda 15 dəqiqə saxlayın. Pomidorları yuyub qurudun. Ortadan bölüb ləyənə yığın. 2 x.q. zeytun yağı, duz-istiot qatıb səliqəylə qarışdırın.
Soğanı xəmirin üzərinə çəkin. Üzərinə pomidorları düzün. Sobada 25 dəqiqə, pomidorlar qızaranadək bişirin.
Bişmiş piroqun üzərinə doğranmış reyhan və qara zeytun səpin. Zeytun əvəzinə motsarella pendiri də qoya bilərsiniz.
Tərkibi:
- 200 q mayalı xəmir (qat-qat, döymə xəmir də olar);
- Yaymaq üçün un;
- 2 orta boy soğan;
- 1 kq çerri pomidoru;
- 1 diş sarımsaq;
- Kəklikotu;
- 50 q qara zeytun (olmasa da olar);
- Zeytun yağı;
- Reyhan;
- Duz;
- İstiot.